Haqqımda

Mən, Nicat Muradzadə, 17 Sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Akademik Zərifə Əliyeva adına Liseydə almışam.

 

2021-ci ildə Türkiyənin İstanbul Universitetinin "İdarəetmə" ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə əcnəbi tələbələr arasında ilk üçlükdə bitirmişəm. Hal-hazırda, Britaniyanın Qlazqo Universitetində "Beynəlxalq iqtisadiyyat" ixtisası üzrə magistr təhsili alıram.  

Bakalavriat olduğum müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankında, Yapı Kredi Bankının İstanbuldakı Mərkəzi Ofisində və Bakı Fond Birjasında təcrübə proqramlarında iştirak etmişəm. Eyni zamanda, bu dövrdə kiçik həcmli biznes fəaliyyəti ilə də məşğul olmuşam.

2019-cu ilin yanvar ayından etibarən elmi yaradıcılıq fəaliyyətinə başlamışam. 1 kitabın, 3 elmi məqalənin, 2 konfrans materialının və Azərbaycan Dövlət İnformasiya Agentliyi — AZƏRTAC başda olmaqla, dövri mətbuatda çıxan bir sıra elmi-publisistik məqalələrin müəllifiyəm. İlk elmi məqaləm Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun jurnalında çapdan çıxmışdır. Məqalələrimin siyahısına bu keçiddən nəzər sala bilərsiniz. 

2020-ci ilin aprelindən etibarən bu bloqda yazılar paylaşıram.

Bloq haqqında

Samoslu Pifaqorun düşüncəsinə görə ədədlər hər zaman formaların və fikirlərin idarəçisi olub. Sadə formada ifadə etsək, həyatımız ayrı-ayrı cisimlərə təyin etdiyimiz ədədlərdən, yəni, varlıqların miqdar və say xarakterisitkasını müəyyən etmək üçün istifadə olunan işarələrdən asılıdır.

 

“Sərhədsiz insan istəklərinin məhdud mənbələrlə tarazlaşdırılması ” dillemasının hər dövrdə aktuallığı iqtisadiyyat sahəsinin də populyarlığını qoruyur. Bəsit formada olsa belə, iqtisadi biliklərə malik olmaq yuxarıda qeyd etdiyim ədədlərlə olan münasibətlərimizi tənzimləməkdə bizə mikro və makro ölçüdə kömək edə bilər. Belə ki, mikro ölçüdə, gündəlik həyatımızı sadələşdirəməyə və əlimizdəki mənbələrdən daha effektiv istifadəyə, makro ölçüdə isə bizə dünyada gedən prossesləri qavramağa, habelə onları təhlil etməyə yardımçı ola bilər.

 

Burada paylaşacağım yazılarda əsas məqsədim dəyərli oxuculara ümumi iqtisadiyyat, iqtisadi fəlsəfə, iqtisadi tarix, siyasi iqtisadiyyat, biznes iqtisadiyyatı və dünya iqtisadiyyatı kimi mövzularda səhih, aktual və maraqlı məlumatları mümkün qədər sadələşdirilmiş dillə təqdim etməkdir.