Sokrat Mənə Nəyi Düşündürdü?

"Kimsəyə bir şey öyrədə bilmərəm, yalnız onların düşünmələrini təmin edə bilərəm." -Sokrat

Çoxları düşünə bilər ki, fəlsəfə məqaləsinin iqtisadi bloqda nə yeri var? Dəyərli oxucularımın diqqətinə çatdırmaq istərdim ki, fəlsəfənin yalnız iqtisadiyyatla yox həyatın bütün sferaları ilə dərin bağları var. Sokrat da Yunan fəlsəfəsinin qurucularından biri kimi bizi bu barədə maraqlı düşüncələrə qərq edir.


Fəlsəfə və iqtisadiyyat?


Girişdə də qeyd etdiyim kimi bəzilərimizə bu iki sahə arasındakı əlaqə bir qədər qəribə gələ bilər. Sözügedən bilateral əlaqənin mahiyyətini anlamaq üçün erkən iqtisadiyyat tarixinin lakonik tədqiqi faydalı olar.


İlk insanlar özlərinin fundamental ehtiyaclar piramidasının ən alt təbəqəsində dayanan qidalanma ehtiyaclarını ödəyərkən qıtlıq və ya məhdudiyyət dediyimiz iqtisadi problemlə qarşılaşırdılar. O dövrlərdə, təbii ki, fermaların, müəssisələrin təmərküzləşməsi kimi qiymətləndiriləcək "iqtisadiyyat" anlayışı mövcud deyildi. İlk insanlar, meşələrdə yığıcılıq edərək, yaxud vəhşi heyvan ovlayaraq yaşayışlarını sürürdülər. Lakin qədim Yunanıstan və Roma kimi mürəkkəb iqtisadi mexanizmlərə söykənən mədəniyyətlərin meydana gəlməsiylə insanlar iqtisadiyyatın problemlərinə daha çox diqqət yetirməyə məcbur oldular. Çünki artıq bəşər övladı lokal, azsaylı icmalarda yox, çoxminlik şəhərlərdə böyük cəmiyyətlər halında yaşamağa başlamışdılar. Şübhəsiz ki, iqtisadiyyatın tətbiq sahəsi cəmiyyətdir. Bu baxımdan qədim zamanlardan bəri dünyanı və bu dünyanın sakinlərini anlamağa çalışan filosoflar üçün "İnsanoğlu nə istəyir?" sualı daim aktual olmuşdur. Bu axtarışlar yeni fəlsəfi düşüncələr sisteminin formalaşmasına və bilavasitə yeni iqtisadi nəzəriyyələrin meydana çıxmasına rəvac vermişdir.


Kimdir Sokrat?


Qədim Yunan fəlsəfəsinin qurucularından olan Sokrat yaxud Sokrates, eradan əvvəl 470-ci ildə Afinada dünyaya gəlib. Əxlaq fəlsəfəsinin yaradıcısı olan Sokrat, özü kimi fəlsəfə dünyasını silkələyəcək tələbəsi Platonu yetişdirmişdir. Ölümündən sonra belə bir çox fəlsəfə məktəbinə öz unikal düşüncələri ilə təsir edə bilmişdir.


Sokratın əsri


Sokratın yaşadığı yüz illik qədim Yunan tarixində ciddi bir dönüş nöqtəsidir. Bu əsr, dünyada dominant olan Perslərə (farslar) qarşı zəfərlərlə başlamış və qalib tərəf olan Sparta da daxil bütün Hellasın imkanlarını xərcləyəcəyi Peloponnes müharibəsi ilə yekunlaşır. Bu müharibə və döyüşlər dağıdıcı xarakter daşısa da Pers-Yunan müharibəsindəki qələbə ilə Yunan polisləri (böyük şəhərləri) dünyaya açılaraq, mədəniyyət, ticarət və incəsənət mərkəzləri halına gəlmişlər. Peloponnes müharibəsi ilə də mövcud olan qurumların, idarəçilik formasının yerinin və rolunun sorğulanması prosesi başlanaraq, yeni bir cəmiyyət modelinə qapı açmışdır. Dəyişən iqtisadi sistem müstəqil düşüncənin və tənqidin cəmiyyət həyatında yerləşməsində təkanverici amil olmuşdur.


Sokratın iqtisadi düşüncələri


Fikrimcə, Sokratın iqtisadi düşüncələrinin təzahürünü biz onun tələbəsi olmuş Ksenofonun əsərlərində müşahidə edə bilərik. Onun günümüzə qədər gəlib çatmış kitablarında ("Sokratın Apologiyası","Memorabilia","Simpozium","Oecnomicus") Sokratın özünəməxsus yaşam tərzinə və düşüncələrinə, o cümlədən, onun mühakiməsinə və vəfatına geniş yer verilir. Bunların sırasından iqtisadçılar üçün ən diqqətcəlbedici əsər, Sokratın ev təsərrüfatlarının səmərəli idarəetməsinə və kənd təsərrüfatına dair fikirlərinin yer aldığı "Oecnomicus" yaxud "Oykonomiya" kitabıdır. Kitab qeyd etdiyim mövzulara fokuslaşsa da, bununla birlikdə iqtisadi münasibətlərin fonunda, qadın-kişi və kəndli-şəhərli münasibətlərinə, eyni zamanda, köləlik, din və təhsil məsələlərinə də toxunur. Yəni hətta qədim Yunanıstanda belə iqtsadi münasibətlər sisteminin sosial münasibətlər üzərindəki təsirləri fəlsəfi formada geniş müzakirə və tədqiq olunurdu. Kitabın digər qisimlərində Sokratın zənginliyə dair tənqidi düşüncələrini müşahidə edirik. Belə ki, o, əsl zənginliyi məmnunluq və xoşbəxtlik kimi xarakterizə edir, mal-mülk və digər dəbdəbəni süni zənginlik adlandırır. İrəliləyən hissələrədə isə qeyd etdiyim kimi kənd təsərrüfatı texnikasına, kölələrin təlimlərinə, qadın-kişi münasibətlərinə və s. yer verilir.


Bu gündən baxanda Sokrat necə görünür?


Sokratın fikirlərinin biz qədər məxsusiliyi onların hər dövrdə müzakirəsini labüd edir. Onun yanaşmasına geniş şərhlər tələbəsi Platon, ardınca Platonun yetirməsi Aristotel tərəfindən verilib və onlardan sonra da minlərlə filosof, iqtisadçı, sosioloq, tarixçi ailmlər bu barədə öz fikirlərini söyləmişlər. Yəni bu baxımddan yeni bir müzakirə açmaq niyyətində deyiləm. Fəqət, bu gün görünən mənzərəyə Sokratın gözündən baxmağa cəhd edəndə qismən haqlı olduğunu demək mümkündür. Ələlxüsus, üzləşdiyimiz pandemiya dövründə COVİD-19-un sosial sinif və kateqoriya ayırmadan bəşər övladı ilə müharibə aparması və onun xoşbəxtliyini əlindən alaraq, evlərə həbs etməklə qorxu altında saxlaması, pandemiyadan sonra dəyişdirəcəyim vərdişlər istiqamətində Sokratın dili ilə ifadə etsək, məni 2 min il yarımdan sonra da "düşündürməyə" bəs etdi.


Nicat Muradzadə.


#iqtisadiyyat #iqtisaditarix #sokrat #ksenofon #iqtisadifəlsəfə

Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.