Merkantilizm Kapitalizmin Sələfidirmi?

"Pul sadəcə inanc məsələsidir." -Adam Smith

İqtisadi tarixin ən maraqlı mövzularından biri kimi Merkantilizm, hazırkı sistemlə özünün xüsusiyyətləri və keyfiyyətləri baxımından müəyyən qədər bənzərlik təşkil etdiyi üçün zaman-zaman mövcud sistemin sələfi kimi qələmə verilir. Bu yazıda, Merkantilizmin inkişaf tarixini tədqiq edərək, mahiyyətini anlamağa, bu günkü sistemlə əlaqələndirməyə və müqayisə etməyə çalışacağıq.


Nədir Merkantilizm?


Merkantilizm, Avropada XVI-XVII əsrlər arasında, yəni kapitalist sistemdən əvvəl qismən tətbiq olunmuş iqtisadi sistemdir. Qeyd edilən quruluş, mahiyyət etibarilə, iqtisadi fəaliyyəti, iqtisadi hadisələri, prosesləri və qanunauyğunluqları sistemli öyrənən ilk nəzəri praktiki sistem kimi xüsusi tarixi əhəmiyyətə malikdir.


Avropada feodal quruluşun çöküşünün başlandığı və yerini mütləqiyyətçi, eləcə də, strukturlaşmış dövlətlərə buraxdığı dövrdə meydana çıxan merkantilist yanaşmanın fundamental məqsədi, ölkəyə daxil olan qızıl-gümüş miqdarını maksimalladırmaq, eyni zamanda, ölkədən çıxan qızıl-gümüş miqdarını minimallaşdırmaqla ticarət balansında müsbət saldo yaratmaq idi. Başqa sözlə, ixracat gəlirləri ilə idxal xərcləri arasındakı balansı davamlı surətdə müsbət saxlamaq merkantilist sistemin başlıca hədəfidir. Merkantilist sistemin söykəndiyi iqtisadi fəlsəfəyə görə ardıcıl olaraq, ticarət balansında müsbət saldo yaranan ölkə zənginləşərək, hərbi-siyasi baxımdan güclənmə imkanı əldə edəcəkdir. Bundan əlavə, merkantilizmə görə qızıl, gümüş və başqa cəvahirat mənbələrinə sahib olmaq ölkələrin milli rifahını şərtləndirən başlıca amillərdəndir. Çünki o dövrdə, tədavüldə olan qiymətli metallar hamı tərəfindən sorğu-sualsız həm yığım vasitəsi kimi, həm alqı-satqı vasitəsi kimi, həm də mübadilə vasitəsi kimi qəbul edilirdi. Bu baxımdan, müxtəsər formada merkantilizmin xüsusiyyətlərini aşağıdakı kimi kateqoriyalaşdıra bilərik:

  • Qızıl, gümüş və sair qiymətli cəvahirat mənbələri əldə etməklə zənginliyi maksimallaşdırmaq.

  • Dövlətin iqtisadi proseslərə aktiv müdaxiləsi ilə vəziyyəti tarazlamaq.

  • İdxal məhdudiyyətləri vasitəsi ilə ölkə daxilində istehsalı mümkün olan məhsulların xaricdən təminatının qarşısını mümkün səviyyədə almaq, başqa sözlə, ölkədən qiymətli mənbə (qızıl, gümüş və s.) çıxışının qarşısını almaq.

  • İxraca təşviq edərək, ölkəyə qiymətli mənbə axışını təmin etmək.

Müstəmləkəçiliyin stimulu kimi Merkantilizm


Mahiyyət etibarilə, hədəflərə çatmaq üçün dövlətin iqtisadi müdaxilələrini məqbul hesab edən merkantilizm, daxildə müdaxiləçi və sənayeləşməyə meyilli, xarici təsirlərə qarşı isə xeyli mühafizəkar olmuşdur. Amma hədəflərə çatmağın tək yolu qeyd edilən metodların nizamlı tətbiqi deyildi. Müstəmləkəçilik anlayışı ilə merkantilistlər qızıl, gümüş və başqa cəvahirata, bütövlükdə, ticarət balansını tarazlaşdıracaq elementlərə sahib olmaq üçün yaxud öz rəqiblərinin onlara çatmasının qarşısını almaq məqsədi ilə xarici ekspansiya metodundan geniş istifadə etmişlər. Müstəmləkiçiliyin pik nöqtəsi, o dövrdə rəqabət içərisindəki Avropa ölkələrinə üstünlük əldə etmək üçün zəruri, ucuz xammadə ilə münbit olan Şimali Amerikada müşahidə edilmişdir. Sözügedən sistemin ehtiva etdiyi hədəflərə çatmaq uğrunda cərəyan edən qanlı münaqişələrin fonunda merkantilistlər, bəlkə də bilməyərək, 18-ci əsrin ikinci yarısında baş verəcək Amerika İnqilabına zəmin hazırlayırdılar.


Merkantilizm nəyə görə tab gətirmədi?


Fransada "Kolbertizm" (Colbertism), Almaniya və Avstriyada "Kameralizm" (Cameralism), İspaniyada isə "Bulyonizm" (Bullionism) adı altında tətbiq olunan merkantilizmin yeni dünyada özünə yer tapmayaraq, tarixə qarışmasının səbəblərini aşağıdakı kimi xarakterizə etmək mümkündür:

1. Həlli olduqca mürəkkəb hərbi-siyasi konfliktlər yaratması: Sistem özünün fəlsəfəsi etibarı ilə, dövlətlər arası düşmənçiliyin alovlanmasında xüsusi rola malik olmaqla, qeyri-müəyyən prosesləri tətikləyirdi. Ardı-arası kəsilməyən müharibələr isə artıq qazanc əvəzinə zərər gətirməyə başlamışdı. Buna əlavə olaraq, müstəmləkələrdə quldarlıq sisteminin fonunda formalaşdırılan sərt idarəetmə mexanizmləri özünü doğrultmayaraq, çoxsaylı üsyan və qiyamlara rəvac verirdi.

2. Daxili istehsala həddən artıq fokuslaşması: Necə ki, bir insan hər sahədə müvəffəqiyyətli ola bilməz, eləcə də, ölkələr hər zaman hər sferada uğurlu ola bilmirlər. İstənilən malın daxildə istehsala təşviqi kimi səmərəsiz və absurd bir yanaşma şübhəsiz ki, uzunömürlü ola bilməzdi.

3. Həddən artıq məhdudiyyətlər: İstənilən sistemdə müəyyən tənzimləmələrlə milli maraqların ön plana çıxması müşahidə olunur. Lakin merkantilizm bu tədbirləri ifratlaşdırmışdı. Məsələn, İngiltərəyə gələn əcnəbi tacirlərin də üzərində xaricə pul aparmasın deyə nəzarət qoyulurdu. Hər bir əcnəbi tacir öz pulunu ingilis xəzinəsində ingilis pullarına dəyişməli və bütün pullarını xərcləməli, yəni ingilis malı almalı idi. Bütün bu tədbirlər isə getdikcə xarici ticarətin inkişafına mane olurdu. Qeyd edilən ifrat məhdudiyyətlətin şərtləndirdiyi disinteqrasiya mühiti, zaman keçdikcə sistemin mexanizmlərini tamamilə ləngləşdirərək, onun ölkələr üçün bir buxova çevrilməsi ilə nəticələndi.


Merkantilizm və Kapitalizm


İki sistem arasındakı əsas oxşarlıq mənfəət motivinin ön planda olmasıdır. Bundan əlavə, korporativ gücün iki sistemdə də mövcudluğu (merkantilizmdə dövlətin və dövlət iştirakı olan şirkətlərin, kapitalizmdə isə əsasən özəl şirkətlərin korporativ subyekt kimi proseslərdə iştirakı ) oxşarlıqlar sırasına aid edilə bilər.


Buna rəğmən, onlar arasında kifayət qədər ciddi fərqlər də vardır. Məsələn, merkantilizm istehlakçıların izafi xərcləmələrinin qarşısını almağa çalışdığı halda (mənbənin xaricə axınını əngəlləmək üçün), kapitalizm bu xərcləmələri iqtisadi inkişaf aspektindən stimullaşdırır. Əlavə olaraq, merkantilist münasibətlər sistemi zaman keçdikcə, sahələr üzrə inhisarçılığa doğru getdiyi halda, kapitalizm tamamilə azad rəqabət mühitinin gətirdiyi iqtisadi tərəqqi fəlsəfəsinə söykənir. Qeyd edilməli sonuncu məqam isə dövlətin proseslərdə iştirak dərəcəsi ilə əlaqədardır. Belə ki, merkantilizmdə bu dərəcə maksimal olduğu halda, kapitalizmdə bu minimal həddədir.


Müəyyən oxşarlıqların mövcudluğu merkantilizmi pre-kapitalist sistem adlandırmağa qismən imkan verir. Lakin sistemlərarası fərqlər nəzərə alındıqda, onların iki ayrı sistem kimi qiymətləndirilməsi nəzəri cəhətdən daha məqsədəuyğundur.


Nicat Muradzadə.


#iqtisaditarix #merkantilizm #kapitalizm #bulyonizm #kolbertizm #kameralizm

Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.