İslam Bankçılığı Alternativ Ola Bilərmi?

"İslam bankçılığının riskin bölüşdürülməsi prinsipini təklif etməsi iqtisadiyyatda, ədalətli yanaşmanın formalaşmasına təkan verə bilər." - Şahzadə Charles

Son illərdə alternativ bir model kimi aktuallaşan İslam maliyyə sistemi özünəməxsus bir sıra keyfiyyətləri ilə ənənəvi maliyyə sistemindən bir qədər fərqlənməkdədir. Bu yazıda sözügedən sistemin hərəkətverici elementi olan İslam bank modeli lakonik formada tədqiq ediləcəkdir.


İslam bank modeli nədir və necə meydana çıxıb?


Mahiyyət etibarilə, İslam bankçılığı bütün alqı-satqı və kirayə əməliyyatlarında yalnız real yəni göz önündə olan aktivlərə əsaslanan bir mexanizmdir. Bu növ bankçılıqda faizlər (ərəbcə “Riba”) qadağandır və əməliyyatlar "müştərəklik" prinsipi əsasında həyata keçirilir. Xeyir və zərərdə ortaqlıq isə qeyri-sistemli risklərin standartlaşdırılmasına xidmət etməklə, İslam bank modelini mövcud bankçılığa nəzərən daha təhlükəsiz edir.


Bütövlükdə, İslam iqtisadiyyat modelinin əsasları, müsəlman cəmiyyətlərinin həyat standartları ilə formalaşmış qaydalardan və onların iqtisadi sahədə mənimsədikləri o cümlədən, tətbiq etdikləri prinsip və üsullardan qaynaqlanır. Bu baxımdan, sözügedən dəyərlərin formalaşdırdığı sistemin aparıcı iqtisadi institutu rolunda çıxış edən İslam bankçılığı son illərdə spesifik çərçivədən çıxaraq dünyaya yayılmağa başlamışdır. Tarixi nöqteyi-nəzərdən isə İslam banklarının fəlsəfəsinin formalaşması 20-ci əsrin ortalarına təsadüf edir. Fəqət qeyd edilən qurumların təkmil formalaşması üçün maddi zəmin 1973-cü ilin neft böhranı zamanı neftin qiymətlərinin kəskin artması nəticəsində yaxın Şərq ölkələrinə sözügedən əmtəənin satışından daxil olan xarici kapital (əsasən ABŞ dolları) sayəsində hazırlanmış, bu isə öz növbəsində İslam banklarına geniş əmanət hovuzu yaratmaq imkanını vermişdir.


İslam bankçılığının Azərbaycanda perspektivləri


Ölkəmizdə mövcud olmayan mexanizm əslində, hazırkı reallıqda iqtisadiyyatımıza özünün çoxsaylı müsbət töhfələrini verə bilər. İlk növbədə, sözügedən sistemin hərəkətverici qüvvəsi olan şəffalıq prinsipi çərçivəsində, biznes subyektləri ilə əməkdaşlıq amili Azərbaycan iqtisadiyyatı daxilində maliyyə mənbələrini çeşidləndirə, habelə biznes mühitində sağlamlaşmaya ciddi təsir göstərə bilər. İstənilən halda, maliyyə mənbələrinin çeşidlənməyi kiçik və orta biznes subyektləri üçün mikrokreditlərə çıxış imkanının artması deməkdir. Nəzərə alsaq ki, kiçik və orta biznesin inkişafı üçün dövlət tərəfindən xüsusi qayğı göstərilir, belə olan halda, bu dəstəyin həmçinin İslam bank modeli çərçivəsində də səciyyələnməsi, kiçik və orta sahibkarlıq subyektlərini öz əməliyyatlarını şəffaflaşdırmağa sövq edə bilər və nəticə etibarilə, bu nüans biznes ekosisteminin ciddi ölçüdə sağlamlaşmasını təmin edə bilər.


İslam bankçılığı mövcud sistemə alternativ kimi


Məlumdur ki, 2008-ci ildə başlanmış dünya maliyyə böhranı məhz bankların real aktivlərə yox, spekulyasiyalara sərmayə qoyması nəticəsində ortaya çıxmışdı. Spesifik olaraq, bu epizoddan sonra dünyada, xüsusilə də Malayziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Bəhreyn, Qatar və Böyük Britaniya kimi ölkələrdə İslam kapital bazarları və maliyyə institutlarının artımı daha da aydın hiss olunmağa başladı. O cümlədən, İslam bank modelinin bazar iqtisadiyyatı ilə ziddiyyət təşkil etməməsi və bazar iqtisadiyyatı şəraitində normal fəaliyyət göstərə bilməsi, İslam bankçılığını cəlbedici edir və ona tələbat təkcə müsəlman ölkələrində yox, Qərb ölkələrində də artır. Belə ki, qərb bankları və maliyyə institutları da İslam maliyyəsinin məhsullarını uğurla tətbiq etməkdədir. Bu qurumların sırasında Citibank N.A, Barclays və Deutsche Bank kimi mötəbət makroiqtisadi təşkilatlar vardır. Bu baxımdan, İslam maliyyəsinin yeganə iştirakçıları İslam bankları deyil. Onlardan başqa ənənəvi banklarda olan İslam pəncərələri, digər İslam maliyyə institutları, İslam Kapital bazarları, məsələn, investisiya bankları və s., habelə İslam sığortası (ərəbcə “Takaful”) da mövcuddur.


İslam bankçılığının ehtiva etdiyi elementlər (şəffaflıq və açıqlıq) və onun bazar iqtisadiyyatının fundamental prinsipləri ilə ziddiyyət təşkil etməməsi o cümlədən, bazar iqtisadiyyatı institutları ilə harmonik fəaliyyəti onun qlobal miqyasda inkişafı üçün yeni perspektivlər vəd edir. İslam bank institutlarının fəaliyyətini tənzimləyən beynəlxalq qurumların mövcudluğu (Məs: 2002-ci ildə Malayziyada yaradılmış İslam Maliyyə Xidmətləri Şurası (IFSB), əsası 1991-ci ildə Bəhreyndə qoyulmuş İslam Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) və 1975-ci ildə yaradılmış İslam İnkişaf Bankı) isə onların fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsində və təftişində müstəsna rola malikdir. Bütün bunlar nəzər alındıqda, İslam banklarının beynəlxalq maliyyə sisteminə qoşulması prosesinin sürətlənməsinin şahidi olacağıq.


Nicat Muradzadə


#islambankı #bank #maliyyə #makroiqtisadiyyat

150 views
Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.