İqtisadiyyat Nəyi Öyrənir və Öyrədir?

İqtisadiyyat, iqtisadçılara buraxılmayacaq qədər önəmli bir sahədir. - Steven Keen


Adını hər gün eşitdiyimiz və həyatımızın mərkəzində yer alan iqtisadiyyat barəsində nə qədər məlumatlıyıq? İqtisadiyyat yalnınzca bizim cibimizə girən-çıxan pulun hesabıdırmı? Onda bəs dövlətlərin iqtisadiyyatları nədir?


"İqtisadiyyat" kəliməsi, dilimizə ərəbcədən keçmiş və "hədəfə yönəlmək" mənasını daşıyan "qəsd" sözündən törəmişdir. Ümumi mənada isə ingiliscə istifadə olunan "Economics" terminin kökü Aristotelə, hətta ondan əvvələ qədər gedir. Yunan sözü olan "Oykonomiya" iki sözdən - "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Beləliklə, primitiv formada iqtisadiyyat, antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi.


Müasir dövrdə geniş istifadə olunan iqtisadi nəzəriyyənin tərifini isə Alfred Marşalın neoklassik yanaşmasını rəhbər tutan Lionel Robbins vermişdir: İqtisadiyyat, məhdud mənbələrlə alternativ istifadə imkanlarını tədqiq edən elmdir. Yəni əsas etibarilə, deyə bilərik ki, hər birimiz təbii iqtisadçılarıq. Ən azından, mədəmizlə soyuducumuz arasındakı "sonsuz istək, məhdud mənbə" münasibəti bu arqumentimizi təsdiqləyir. O cümlədən, qazandığımız məvacibi nəyə və necə xərcləməyimiz Mikroiqtisadiyyat adlanan sahənin əsas tədqiqat predmetlərindəndir.


Lakin prosesin bu qədər bəsit olmadığını bilirik. Lionel Robbinsin tərifi iqtisadiyyatı daha çox istehlak və xərcləmələr kontekstində qiymətləndirir (İstehlak dedikdə, tələbatı, ehtiyacı təmin etmək üçün mənbə sərf etmə nəzərdə tutulur). Halbuki, iqtisadiyyat yalnız istehlakla (daha geniş çərçivədə xərcləmərlə) deyil, eyni zamanda, istehsal, mübadilə və bölgü problemlərini də araşdırır.


Kateqoriyalaşdıraraq təhlil etsək, istehlakçı üçün iqtisadiyyat, çoxlu istək və arzuların əldəki məhdud imkanlarla qarşılanmasıdır. Çoxlu istək və məhdud mənbə dillemasını həll edərkən istehlakçılar seçim edirlər və təbii olaraq, bu proses digər alternativlərdən imtina deməkdir. Sözügedən alternativlərin dəyərinin xarakterizə olunması isə "Fürsət xərcləri" adlanır. Məsələn, pulunuzun az olduğu bir vaxtda çoxdan gözlədiyiniz filmə getmək üçün sadəcə burqerlə kifayətlənərək kinoteatra getməyin fürsət xərci, filmin bileti dəyərində yaxşı bir nahardır.


İstehsalçı perspektivindən baxsaq, iqtisad elmi, nə istehsal etmək, kimin üçün istehsal etmək, necə istehsal etmək suallarına cavab axtarır.


Bölgü baxımından isə iqtisadiyyat, istehsaldan kimin nə qədər pay alacağına fokuslaşır. İstehsal prosesində iştirak edən 4 faktorun; zəhmətkeş, investor, xammal yaxud torpaq sahibi və təşəbbüskar arasındakı mənfəət bölgüsü burada əsas müzakirə mövzusudur.


Dünyamızda hazırda bərqərar olan bazar iqtisadiyyatı münasibətləri çərçivəsində istəklərin sonsuz olması bir qədər ziddiyətli görünür. Çünki zaman-zaman süni istəklərin formalaşdırıldığını biz özümüz də əyani surətdə müşahidə edirik. Şübhəsiz ki, istehlak amili proseslərin təkanverici qüvvəsi olsa da, xüsusilə, sənaye inqilabının yaratdığı baza üzərində formalaşmış mühitdə bölgü məsələsi də istehlak qədər mühüm yerə və rola malikdir.


Bütün bunları nəzər alıb deyə bilərik ki, iqtisadiyyat həm öyrənir, həm də öyrədir. Sadə bir misalla yekunlaşdırsaq, fərdi miqyasda, yığım və xərcləmə vərdişlərimizə ciddi təsir edərək bizləri öyrədir. Lakin mahiyyət etibarilə, onların şərtləndirəcəyi situasiyanı tədqiq edərək təbii mexanizmi öyrənir.


Nicat Muradzadə.

#iqtisadiyyat #mikroiqtisadiyyat #ümumi

Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.