İqtisadi Böhran Terminologiyasından 7 Seçmə

"İstənilən xaosun bir qanunauyğunluğu vardır." -Xaos nəzəriyyəsi

Pandemiyanın həyatın bütün sferalarına təsiri dünyada böhran vəziyyətini şərtləndirir. Müxtəlif qurumların verdiyi cürbəcür proqnozlar və bu proqnozlarda keçən qəliz terminlər isə bizləri çaşdıra bilər. Bu yazıda seçilmiş bəzi böhran terminlərinin mahiyyətini aydınlaşdıracağıq.


COVİD-19 səbəbindən iqtisadi fəaliyyətlər geniş miqyasda dayansa da, öhdəliklər dayanmır və nəzərə alsaq ki, peyvənd üzərində çalışan mütəxəssislər ən yaxşı halda senytabr ayını işarə edirlər, o zaman dünyamızın surətlə iqtisadi durğunluğa, ardınca isə böhrana addımladığını deyə bilərik. Böhran deyəndə ola bilsin ki, vətəndaşların gözündə 90-cı illərin əvvəllərindəki qıtlıqlar, növbələr və başqa neqativ hallar canlanır. Şübhəsiz ki, özünün təbiəti etibarilə kifayət qədər ağrılı bir proses olan böhran, onu idarə edə bilənlər üçün yeni fürsətlərə qapı aralayır. Böhranı effektiv və minimal zərərlə idarə edə bilmək üçün isə ilk növbədə onu tanımaq, onun xassələrinə bələd olmaq müstəsna əhəmiyyətə malikdir. Beləliklə, iqtisadi böhranlara xas 7 termini aşağıdakı kimi sıralaya bilərik:


1. İnflasiya


Bəsit formada, inflyasiya, bir ölkədəki mal və xidmətin satın aldığımız qiymətinin davamlı olaraq artım göstərməsidir. Lakin hər qiymət artımı inflasiya deyildir. Qiymətlərin artımı məhsulun keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasına qədər bir çox səbəbdən də qaynaqlana bilər. İnflyasiya daha çox məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımı formasında müşahidə olunur və 3 forması vardır: Mülayim, sürətli, hiper.


2. Deflyasiya


Deflyasiya inflyasiyanın əksi olaraq, mal və xidmətlərin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. İlk baxışdan müsbət görünsə də, iqtisadiyyatlar üçün olduqca problematik bir məsələdir. Belə ki, deflasiyanın təhlükəli həddə çatması nəticəsində, istehlakçıların yığıma üstünlük verməsi ilə əmtəələrə olan tələb aşağı düşür, əməkhaqqıların azalması ilə müəyyən iqtisadi öhdəlikləri olanlar çətin duruma düşürlər, aşağı düşən uçot dərəcələrinin fonunda əmanətlər nağdlaşmağa başlayır, şirkətlərin mənfəətləri düşdükcə kütləvi ixtisarlarlar geniş vüsət alır, ö cümlədən, şirkətlərin qiymətli kağızları dəyər itirirlər.


3. Resesiya


İqtisadi natarazlıq formalarından biri olan resesiya, iqtisadi fəaliyyətlərin həcmində kiçilmə deməkdir. Termini daha da spesifikləşdirsək, ÜDM-də, məşğulluq və istehsalat dərəcəsində və s. ciddi dəyişiklik olmalı, eyni zamanda bu proses bəlli bir zaman kəsiyini əhatə etməlidir. Resesiya zamanı işsizliyin surətli artımı ilə yanaşı inflasiyanın artım tempində durğunluq müşahidə edilir.


4. Depressiya


İqtisadi tənəzzül prosesi kimi də xarakterizə edə biləcəyimiz iqtisadi depressiya, mahiyyət etibarilə, real ÜDM həcminin bir neçə il ardıcıl şəkildə gözəçarpan formada azalmasıdır. Özünün təbiətinə görə bir qədər uzun müddət çəkən depressiyalarda, kütləvi işsizlik, kredit kanallarının sayının və çeşidliliyinin kəskin azalması, qiymətlərin deflasiyası, birjaların çöküşü və bankların müflisləşməsi yayğın görülür.


5. Staqflyasiya


Staqflyasiya, inflyasiya və işsizliyin eyni anda baş verməsi halını ifadə edir. Başqa perspektivdən baxsaq, bir iqtisadiyyatda inflasiya yüksəkdirsə buna rəğmən iqtisadiyyat böyüyə bilmirsə, yəni sıfıra yaxın bir real böyümə müşahidə edilirsə, o iqtisadiyyatda staqflyasiya (inflasiya içində durğunluq) halının mövcudluğu güman edilir.


6. Slumpflyasiya

İqtisadçıların çəkindiyi terminlərdən biri olan slumpflyasiya, iqtisadi depressiya ilə inflasiyanın eyni anda müşahidə edilməsidir. Yəni real ÜDM kiçilərkən inflasiya halı da mövcuddursa, o iqtisadiyyat slumpflyasiya ilə qarşı-qarşıyadır. Bu məqamda qeyd etmək istərdim ki, zaman-zaman slumplfyasiya, staqflyasiya termini ilə qarışdırılır. Staqflyasiya, real iqtisadi artım sıfır yaxud sıfıra yaxın olan zaman inflasiyanın meydana çıxmasıdır.


7. Staqnasiya


Staqnasiya, uzunmüddətli sürünən iqtisadi artımı ifadə edir və adətən yüksək işsizliklə müşaiyət olunur. Belə ki, ÜDM-dəki artımın sürətinin gözləniləndən çox aşağı olması iqtisadi durğunluq vəziyyətini şərtləndirir və inflasiya ilə birləşməsi halında staqflyasiya halının meydana çıxmasına rəvac verir. Staqnasiya ilə resessiya da ən çox qarışdırılan terminlər sırasında öndədir. Lakin staqnasiya, uzun müddətli, önəmsiz yaxud sıfıra yaxın iqtisadi artımı ifadə etidiyi halda, resesiya bütövlükdə iqtisadi kiçilmə mənasına gəlir.


İqtisadçıların kefini korlayan bu terminlər, iqtisadiyyatlar üçün dağıdıcı karakter daşıya bilər. Lakin nəzərə almaq lazımdır ki, böhranlarda iqtisadi subyektlərin davranışları həlledici rola malik olur. Növbəti yazılarda mümkün iqtisadi böhran vəziyyətlərində ayrı-ayrı fərdlərin böhrandan minimal zərərlə çıxmasını mümkün edən faktorları sadalayacağam. Belə olan halda, vətəndaşların vəziyyətə adekvat hərəkət etməsi fərdi qaydada böhranın fəsadlarından sığortalanmaq baxımından labüddür. O cümlədən, iqtisadi subyektlərin çevikliyi və adekvatlığı bütövlükdə ölkəmizə mümkün qlobal böhranın təsirlərini neytrallaşdırmaq üçün manevr imkanları yarada bilər.


Nicat Muradzadə.

#ümumi #milliiqtisadiyyat #inflasiya #deflyasiya #resesiya #depressiya #staqflyasiya #slumpflyasiya #staqnasiya #iqtisadiyyat

0 views
Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.