Dolların Təklifi Artdığı Halda Dəyəri Niyə Azalmır?

"Nəyə sahib olduğunuzu və niyə sahib olduğunuzu bilin." -Peter Lynch


Hətta öyrəndiyimiz ən primitiv iqtisadi bilgilər, bir qayda olaraq, bizə çox olanın qiymətinin aşağı olacağını deməyə imkan verir. Bəs ABŞ-da Federal Ehtiyatlar Sistemi müxtəlif üsul və vasitələrlə emissiya həyata keçirdiyi halda dolların dəyəri niyə azalmır?


Son zamanlar, başlıqdakı sual iqtisadçılar və bu sahə ilə maraqlananlar üçün kifayət qədər aktualdır. Belə ki, digər ölkələr tədavüldəki pul kütləsinin həcmini artırarkən, milli valyutalarında ucuzlaşma baş verdiyi halda, son dövrdə genişləndirici monetar siyasət aparan, kəmiyyət yumuşaldılmasına (QE) gedən və pul təklifini kəskin artıran ABŞ-da bunu müşahidə etmirik. Sözügedən maraqlı məqamı tədqiq etmək üçün FES-in maliyə hesabatlarına nəzər salmaq olduqca əhəmiyyətlidir.


İlk öncə, Qlobal maliyyə böhranından bu günə qədər pul kütləsinin nə qədər artdığına diqqət yetirilməlidir. Yazının qələmə alındığı 25 aprel 2020 tarixində FES-in balans hesabatının aktivlər hissəsinin böyüklüyü 6.6 triliyon dollar təşkil edir. Qlobal maliyyə böhranının başlanğıc tarixi kimi qəbul olunan 2008-ci ilin avqust ayında bu miqdar 900 milyard dollar idi. Buradan anlaşılır ki, balans hesabatının aktivlər hissəsində 2008 avqust-2020 aprel ayları arasında 7 dəfədən artıq artım olub. Avqust 2008-ci il tarixində dövriyyədəki pul kütləsinin həcmi 830 milyard dollar olduğu halda, 25 aprel 2020-ci ildə bu miqdar 2,3 qat artaraq 1.9 triliyon dollar olmuşdur.


qrafik 1. Cəmi aktivlər

qrafik 2. Dövriyyədəki pul kütləsi

Hər iki qrafik üçün mənbə: https://fred.stlouisfed.org/


FES-in Qlobal maliyyə böhranından indiyə kimi dövriyyəyə buraxdığı əlavə 1 trilyon dollardan bir qədər artıq pul, balans hesabatında təqribən 5.7 trilyon dollarlıq bir artım yaratmışdır. Hansı prizmadan yanaşmağımızdan asılı olmayaraq, görünən mənzərədə, böhrandan bu günə kimi, dövriyyəyə buraxılan pul kütləsinin yaratdığı fiziki və qeyri-fiziki satın ala bilmə gücü kifayət qədər ciddi miqyasa çatmışdır.


Bu məqamda maraqlı sual ortaya çıxır; Dövriyyəyə buraxılan bu qədər dolların fonunda yüksək satın ala bilmə gücü də təmin edildikdən sonra onun dəyəri necə formalaşıb? Bu situasiya iki metodla tədqiq edilə bilər. İlk növbədə, dolların inflasiyasının dinamikasına görə onun daxili dəyərinin necə formalaşması müəyyənləşdirilməlidir. Buna əlavə olaraq, dolların xarici dəyərinin inkişaf dinamikasına nəzər yetirilməlidir. Qeyd etdiyim məqam, dolların 6 beynəlxalq valyutaya (Avro, Yen, Funt, Kanada Dolları, İsveçrə Frankı, İsveç Kornu) nisbətdə formalaşdırılmış Dollar İndeksi müşahidə edilərək anlaşıla bilər. Bəsit formada ifadə etsək, indeks 100-dən artıqdırsa, dollar dəyərlidir.


qrafik 3. Dollar İndeksi

Mənbə: https://www.investing.com/


Dolların inflasiyasını göstərən qrafik 4-də, qrafik 2-də göstərildiyi kimi illər üzrə artan pul kütləsinə rəğmən elə də ciddi artım müşahidə edilmədiyi və inflasiya faizinin 2-4 arasında olduğu görülür. Hətta 2020-ci ilin ilk rübündə inflasiya azalaraq, 2%-dən də aşağı düşmüşdür. Dolların xarici dəyərini göstərən qrafik 3-ə nəzər salsaq, pul kütləsi artdığı halda dolların əsas valyutalar qarşısında dəyərləndiyi görünür.


qrafik 4. Dolların inflasiyası

Mənbə: https://tradingeconomics.com/


Nəzəri cəhətdən, dövriyyədəki pul kütləsinin bu qədər artırılması, pul vahidinin daxili və xarici dəyərini itirməsi ilə nəticələnməlidir. Lakin iqtisadiyyat sadəcə nəzəriyyədən ibarət deyildir və dolların dəyərini qorumasının unikal səbəbləri vardır:


1. Çevik pul siyasəti və Federal Ehtiyatlar Sisteminə inam


FES, ABŞ iqtisadiyyatında natarazlıq yarananda, hətta bəzi qlobal təhlükələrin daxili natarazlığa səbəb olma ehtimalı yarananda belə vəziyyəti tənzimləmək məqsədi ilə əlindəki alətlərlə bir qisim çevik müdaxilələr edir. Bu qəbildən olan adekvat və düşünülmüş reaksiyalar keçmişdə daim müsbət nəticələr verdiyi üçün FES ciddi bir etibar qazanmış olur.


2. Dünya valyutası: Dollar


Dollar müəyyən qədər də, yuxarıda qeyd etdiyim, FES-in formalaşdırdığı müsbət imicin fonunda ABŞ-ın milli pul vahidi olmaqdan çox dünyanın pul vahidi kimi təsəvvür olunur. Öz ölkəsinin milli valyutasının dəyəri azalanlar dollar tələbatını artırırlar.


3. Dollara davamlı tələbat


Başqa ölkələrdə maliyyə yatırımları olan inkişaf etmiş ölkələrin fondları və investorları, o ölkədəki bazardan çəkilərkən dollar tələb edirlər. O cümlədən, dollara tələbatı artıran digər faktor onun dünya ticarətində hələ də dominant valyuta kimi istifadəsidir.


Görünən odur ki, hətta dolların təklifi kəskin artsa da, yuxarıda qeyd olunan səbəblərə görə onun dəyəri düşmək əvəzinə yüksəlir. Əgər FES dollar emissiyası həyata keçirməsəydi, artan tələbat səbəbindən dolların dəyəri həddən artıq yüksələrək ABŞ iqtisadiyyatına rəqabətyönümlülük baxımından ciddi ziyan vuracaqdı. Nəticə etibarilə, adevkat reaksiyalarla mövqeyini kifayət qədər möhkəmləndirən FES, sahib olduğu dolların nə olduğunu və ona niyə sahib olduğunu yaxşı qavrayır və ondan ustalıqla istifadə edir.


Nicat Muradzadə.


#iqtisadiyyat #dollar #fes

Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.