Biznesdə Şans Faktoru

"Özü-özünə yardım etməyənə şans yardım edə bilməz" - Sophocles

Zaman-zaman ölkəmizdə biznes anlayışının qeyri-müəyyən təbiətinə görə hətta qumara bərabərləşdirildiyinin şahidi oluruq. Bəs həqiqətən biznes sırf şansdan asılı olan bir prosesdirmi? Yaxud biznes doğrudan da qumardırmı?


Nəzəri cəhətdən, biznes mənfəət əldə etmək məqsədilə digər iqtisadi subyektləri mal və xidmətlərlə təmin etmək fəaliyyətidir. Tərifdən göründüyü üzrə, biznes bir proses kimi olduqca çoxşaxəlidir və müxtəlif funksiyaların effektiv fəaliyyətinin vəhdəti sayəsində müvəffəqiyyətli ola bilər. Hərçənd, uğuru şərtləndirən başlıca amil, qeyd etdiyim kimi, funksiyaların təkmil fəaliyyəti olsa da, digər faktorlar da biznes tsiklində əhəmiyyətli yerə malikdir. Bu baxımdan, sözügedən proseslərdə şans faktorunun rolu tədqiq edilməlidir.


Özünün səciyyəvi xüsusiyyətlərinə görə onlarla növ biznes tipi mövcuddur. Lakin kateqoriyasından asılı olmayaraq, istənilən sahibkarlıq subyektinin uğurlu və ardıcıl fəaliyyət göstərməsi üçün labüd olan bir qisim funksiyalar vardır. İdarəetmə üzrə kifayət qədə mötəbər alimlər hesab olunan Siril O'donnel və Harold Kuntz (Cyril J. O'Donnell and Harold Koontz) 1959-cu ildə qələmə aldıqları "İdarəetmənin Əsasları: İdarəçilik Funksiyalarının Təhlili" (Fundamentals of Management: An Analysis of Managerial Functions) əsərində idarəetmənin əsas funksiyalarını planlaşdırma, təşkiletmə, komplektləşdirmə (insan resurslarına aiddir), istiqamətləndirmə və nəzarət olaraq xarakterizə etmişlər.


Şübhəsiz ki, gündəlik həyatda olduğu kimi biznesdə də sistemsiz risklər mövcuddur. Yuxarıda qeyd edilən funksiyalar, mahiyyət etibarı ilə, sözügedən risklərin standartlaşdırılmasına və bütövlükdə, biznes subyekti üçün həmin risklərin mümkün təsirlərinin neytrallaşdırılmasına xidmət edir. Bu məqamda təbii sual yaranır: "Şans bu prosesin harasında dayanır?". Cavab sadədir, bəzi fövqəladə vəziyyətlərdə tale insanın üzünə gülür və biznes kontekstində sahibkar, müstəqil və kortəbii inkişaf edən ekzogen proseslərin nəticəsində gəlir əldə edə bilir. Fəqət, bu hal davamlı baş verməyəcəyi üçün əlbəttə ki, işini ehtimal nəzəriyyəsinin sərhədlərini aşaraq quran biznes subyektləri ziyan və itki ilə üzləşəcəklər.


"Harvard Business Review" jurnalının ötən sayılarından birində, inkişaf etməkdə olan ölkələrdə özəl sektorun durumu təhlil edilərkən, əsas problemlər sırasında şirkətlərin şanslar yaradıb, onları möcüzəyə çevirə bilməməsi göstərilirdi. Hərçənd, "şans yaratmaq" yaxud "möcüzəyə çevirmək" kimi terminlər bir qədər bizə yad gəlsə də, ələlxüsus, Birləşmiş Ştatlarda bu məqama ciddi diqqət yetirilir. Şans yaratmaq dedikdə, əsasən dayanıqlı innovasiyanın, effektiv marketing metodologiyasının, rezilyant iyerarxik sxemlərin proseslərə inteqrasiyası və bütövlükdə proseslərin hərəkətverici qüvvələri halına gəlməsi nəzərdə tutulur. Şansı möcüzəyə çevirmək isə daha çox, əldə olunan fiziki və qeyri-fiziki üstünlüyü davamlılaşdıraraq, şirkətə rəqabət immuniteti aşılamağı ifadə edir. Buradan aydın olur ki, qeyri-müəyyənliyə sistematik yanaşma nəticə etibarilə, yeni şansların ortaya çıxmasına və onların davamlılaşmasına, son mərhələdə isə biznes subyektinin mənfəətinin maksimallaşmasına rəvac verə bilər.


Fikrimcə, biznes mühitini ehtiva etdiyi elementlər baxımıdan şanslar toplusu adlandırmaq mümkündür. Burada əsas məqam şansa yanaşmanın hansı aspektdən olmasıdır. Hərgah, bir şirkət özünün inzibati resursunun əhəmiyyətli bir hissəsini tədqiqat və tərəqqi (Research and Development) üçün xərcləyirsə, o zaman, həmin şirkət üçün şans ardıcıl xarakter alaraq, gəlirini maksimallaşdıracaqdır. Bununla birlikdə, məsələlərə primitiv yanaşaraq, bütün fəaliyyətini həddən artıq ehtimal üzərində quranlar üçün isə şans, bir istifadəlik və təhlükəli məvhum olaraq qalacaqdır.


Nicat Muradzadə.


#biznes #şans #risk

Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.