3 Addımda Yatırım Vərdişlərinizi Dəyişin

"Biz daşları ata, onlar barəsində şikayətlənə və ya onları üst-üstə yığaraq daha yuxarı çıxa bilərik." -William Arthur Ward

İstənilən iqtisadiyyat mahiyyət etibarilə, onun subyektlərinin tələbatları əsasında öz fəaliyyətini formalaşdırır və zaman-zaman bu subyetklərin hərəkət və tələbatlarındakı dəyişkiliyin fonunda transformasiyaya uğrayır. Bu məqalədə, yatırım nöqeyi-nəzərindən həm şəxsi büdcəmizə həm də milli iqtisadiyyatımıza müsbət töhfə verə biləcəyimiz kiçik nüanslara nəzər salacağıq.


Bazar iqtisadiyyatı şəraitində, investisiya, gəlir (mənfəət) yaxud səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir. Şübhəsiz ki, qeyd edilən kontekstdə investisiyaların istiqaməti həm mikro həm də makro ölçüdə iqtisadi proseslərə təsir edir. Beləliklə, maddi vəsaitlərin effektiv idarəedilməsi üçün nümunələrlə tədqiq edəcəyimiz 3 əsas məqam aşağıdakılardır:


1. Avtomobil yaxud daşınmaz əmlak almazdan öncə iki dəfə düşünün


Ölkəmizdə ən populyar investisiya vasitələri kimi avtomobil yaxud daşınmaz əmlak aktualdır. Xüsusilə, daşınmaz əmlakın daha az riskli və sabit gəlir gətirən səmərəli bir vasitə kimi insanların təhtəlşüurunda yerləşməsi onu daha cəlbediciləşdirir. Buna əlavə olaraq, avtomobil də müəyyən mənada konsyumerizm səbəbindən öz mövqeyini qoruyur. Lakin ilk növbədə bilinməlidir ki, avtomobil yatırım üçün ən yanlış seçimlərdən biridir. Onun amortizasiyası və qiyməti arasındakı disbalans o cümlədən, müşaiyət olunduğu risklər bir seçim kimi rasionallığını ciddi ölçüdə azaldır. Daşınmaz əmlakda isə məsələ bir qədər fərqlidir. Anlaşılandır ki, daşınmaz əmlaka edilən yatırımlar, investorun yatırdığı pulun həcmindən asılı olmayaraq, əlavə gəlirin əldə edilməsinin mümkün üsullarından biridir. Fəqət, investisiyanın dönüşünün olduqca uzunmüddətli olması nəticə etibarilə, investisiyanın rentabelliyini çox hallarda şübhə altına alır. Bu baxımdan, investisiyanın real iqtisadiyyatda doğru sahələrə yönləndirilməsi investor aspektindən həm daha gəlirli, həm daha davamlı, həm də daha rasionaldır.


2. Ən böyük investisiyanı özünüzə edin


Məlumdur ki, daşınmaz əmlak yaxud avtomobil əlavə dəyər yaratmır. Lakin insanın özünə edəcəyi istənilən yatırım sonda müsbət nəticələnir. Məsələn, bir qədər vəsaitiniz varsa, makro miqyasda, bununla ölkədən kənarda magistr təhsili almaq yaxud mikro miqyasda, hansısa "online" təlim proqramına qatılmaq kariyera baxımından, daşınmaz əmlak və avtomobil əldə etməkdən daha çox əlavə dəyər yaradaraq, gəlirlərinizin orta və uzun müddətdə maksimallaşmasına gətirib çıxaracaqdır.


3. İşi peşəkarlara həvalə etməkdən çəkinməyin


Reallıq bundan ibarətdir ki, təşəbbüskar seqmentin bir hissəsində "məlumat sahibi olmadan mövqe sahibi olmaq" sindromu mövcuddur. Bu qəbildən olan şəxslər adətən peşəkarlara etibar etmir və həvəskar formada investisiya etməyə yaxud biznes fəaliyyəti ilə məşğul olmağa cəhd edərək, sonda iflasa uğrayırlar. Bu nöqteyi-nəzərdən, mümkün riskləri standartlaşdırmaq üçün ələlxüsus, investisiya məsələlərində peşəkar yardım almaq hər zaman faydalıdır. Konsaltinq şirkətləri ilə əməkdaşlığın dərəcəsi ilə müvəffəqiyyət arasında aşkar bir korelasiyanın olduğu məlumdur.


Görüldüyü kimi xırda dəyişikliklər ciddi ölçüdə həm həyatımızı, həm də parçası olduğumuz iqtisadi sistemi dəyişə bilər. Amerikalı riyaziyyatçı Edward Norton Lorenz "Kəpənək effekti" terminini xarakterizə edərkən belə deyirdi: "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması, ABŞ-da fırtına qopmasına səbəb ola bilər". Məhz bu baxımdan, iqtisadi vərdişlərdəki çox kiçik və rasional dəyişikliklərlə, əldəki kapitalın hansısa statik nəsnəyə deyil, dinamik subyetklər olan insana və biznesə yönəldilməsi fərdi və total effektivliyin əldə olunmasına o cümlədən, iqtisadi davranışların transformasiyasına və nəticə etibarilə milli iqtisadiyyatımızda yeni situasiyanın bərqərar olmasına şərait yarada bilər.


Nicat Muradzadə


#mikroiqtisadiyyat #istehlak #investisiya

142 views
Son Yazılar

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.