Haqqımda

 

Mən, Nicat Muradzadə, 17 Sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşam.

 

2015-ci ildə Akademik Zərifə Əliyeva adına Liseyi bitirmişəm. Hal-hazırda, İstanbul Universitenin İdarəetmə Fakultəsinin İngiliscə şöbəsində İdarəetmə ixtisası üzrə bakalavr təhsili alıram, sonuncu kursdayam.

Bakalavriat olduğum müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankında, Yapı Kredi Bankının İstanbuldakı Mərkəzi Ofisində və digər makroiqtisadi qurumlarda staj keçmişəm. Eyni zamanda, bu dövrdə kiçik həcmli biznes fəaliyyəti ilə də məşğul olmuşam.

2019-cu ilin yanvar ayından etibarən elmi yaradıcılıq fəaliyyətinə başlamışam. 2 elmi məqalənin və dövri mətbuatda çıxan bir sıra elmi-publisistik məqalələrin müəllifiyəm. İlk elmi məqaləm Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunun jurnalında çapdan çıxmışdır.

2020-ci ilin aprelindən etibarən bu bloqda iqtisadi yazılar paylaşıram.

Bloq haqqında

Samoslu Pifaqorun düşüncəsinə görə ədədlər hər zaman formaların və fikirlərin idarəçisi olub. Sadə formada ifadə etsək, həyatımız ayrı-ayrı cisimlərə təyin etdiyimiz ədədlərdən, yəni varlıqların miqdar və say xarakterisitkasını müəyyən etmək üçün istifadə olunan işarələrdən asılıdır.

 

“Sərhədsiz insan istəklərinin məhdud mənbələrlə tarazlaşdırılması ” dillemasının hər dövrdə aktuallığı, iqtisadiyyat sahəsinin də populyarlığını qoruyur. Bəsit formada olsa belə iqtisadi biliklərə malik olmaq, yuxarıda qeyd etdiyim, ədədlərlə olan münasibətlərimizi tənzimləməkdə bizə mikro və makro ölçüdə kömək edə bilər. Belə ki, mikro ölçüdə, gündəlik həyatımızı sadələşdirəməyə və əlimizdəki mənbələrdən daha effektiv istifadəyə, makro ölçüdə isə bizə dünyada gedən prossesləri qavramağa və onları təhlil etməyə yardımçı ola bilər.

 

Burada paylaşacağım yazılarda əsas məqsədim dəyərli oxuculara ümumi iqtisadiyyat, iqtisadi fəlsəfə, iqtisadi tarix, siyasi iqtisadiyyat, biznes iqtisadiyyatı və dünya iqtisadiyyatı kimi mövzularda səhih, aktual və maraqlı məlumatları mümkün qədər sadələşdirilmiş dillə təqdim etməkdir.

#iqtisadiyyat #iqtisaditəhlil

©2020, Copyright www.nicatmuradzada.com. All Rights reserved.